Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəranda daşınmaz əmlakın qiyməti 70-100% artıb. Bu barədə cümə günü Lənkəranda alqı-satqı ilə məşğul olan "Elnur" MMC-nin direktoru Mirzə Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərin mərkəzi hissəsində bir otaqlı mənzilin qiyməti 35-40, iki-üç otaqlı mənzilin qiyməti isə 50-70 min dollardır. Lənkəranın mikrorayonunda isə bir otaqlı 18-25 min, iki-üç otaqlı mənzilin qiyməti isə 25-35 min dollardır.
Şəhərdə torpağın qiyməti isə iki dəfədən artıq qalxıb. Bir sot torpağın qiyməti 2000-4000 dollar civarındadır. Ötən il isə bu qiymət 450-800 dollar civarında olub. Kənd yerlərində bir sot torpağın qiyməti ötən il 80-100 dollar olduğu halda hazırda bu qiymət analoji olaraq 250-400 dollar civarında dəyişir.
Evlərin kirayəsində artım iki dəfədən artıqdır. Ötən il evlərin kirayəsi 40-150 dollara qədər idisə, indi bu, 100-400 dollar civarında dəyişir.
Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.