Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Çərşənbə günü Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, 2008-ci ildə Azərbaycanda neft hasilatının 2007-ci ilin 43-45 mln. ton göstəricisi ilə müqayisədə 50 mln.ton olacağı proqnozlaşdırılır.
Prezidentin sözlərinə görə, Dünya Bankının poqnozlarına uyğun olaraq növbəti 20 il ərzində dünya bazarlarında neftin bir barrelinin qiyməti 50 dollar olduğu təqdirdə Azərbaycanın neft-qaz layihələrindən əldə edəcəyi gəlirlər 200 mlrd. dollar təşkil edəcək.
Son dövrlərdə dünya bazarlarında neftin bir barrelinin qiyməti 85 dollardan aşağı düşmür.
Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadiyyatına 2007-ci ildə 8 mlrd. dollar, 2008-ci ildə isə yalnız dövlət xətti ilə müxtəlif layihələrə 3 mlrd. dollar sərmayə yatırılacaq. Hazırda ölkənin valyuta ehtiyatları 7 mlrd. dollar təşkil edir.
"Azərbaycanda yoxsulluq səviyyəsi 2003-cü ildəki 49%-dən 20%-ə enib, ilin sonuna qədər isə bu rəqəmin daha da aşağı düşəcəyinə əminəm" - deyə prezident Əliyev qeyd edib.