Azərbaycan, Bakı / Trend / Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində Azərbaycanın daxili bazarına 3,1 mln. ton neft məhsulları göndərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% azdır.
Neft məhsullarının 645,9 min tonu avtomobil benzininin payına düşür ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 11,8% çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı 1 ton avtomobil benzininin topdansatış qiyməti 670 AZN, A-95 markalı neftin 1 tonunun qiyməti isə, 736 AZN-dir. Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində Azərbaycanın "Azpetrol" şirkəti 352,6 min ton, "LUKoil" isə, 113 min ton avtomobil benzini əldə edib.
Yanvar-oktyabr ayları ərzində dizel yanacağı daxili bazarda 573 min ton həcmində satılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdansatış qiyməti 485 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" 216,6 min ton, "LUKoil" isə 64,2 min ton dizel yanacağı əldə edib. Xəzər Dəniz Gəmiçiliyi 12,6 min ton dizel yanacağı, eləcə də, mühərrik yanacağının bütün həcmini əldə edib.
Daxili bazarda ən çox mazut yanacağı reallaşıb. Yanvar-oktyabr ayları ərzində bu növ yanacağın satışı 1359,8 min ton təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 13,9% azdır. Azərbaycanın daxidi bazarında 1 ton M-40 markalı mazutun topdansatış qiyməti 100 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, "Azərenerji" SC 957,3 min ton, Heydər Əliyev adına Bakı NEZ isə, 235,2 min ton mazut əldə edib.
Aviasiya kerosininin satışı 383,5 min ton təşkil edib ki, bu da 2006-cı ilin analji dövrünün göstəricisindən 10,5% azdır. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosininin topdansatış qiyməti 307AZN təşkil edir. AZAL Dövlət Konserni bu həcmin 368,2 min tonunu əldə edib.
Daxili bazarda yanvar-oktyabr ayları ərzində 129,1 min ton həcmində neft-bitum satılıb ki, bu da 2006-cı ilin analoji dövnünü göstəricisindən 10,2% çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı 1 ton bitiumun topdansatış dəyəri 160 AZN təşkil edir.