...

2008-ci ildə Azərbaycanda neft emalı dərinliyi 9 faiz artırılacaq

Energetika Materials 4 Yanvar 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin "H.Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azneftyağ" zavoduna emal üçün 7 milyon 630 min ton xam neft göndərilib ki, bu da ötən ilki göstəricidən 179 min ton çoxdur. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir. Hər iki müəssisənin ümumi emal gücü ildə 20 mln. ton neft təşkil edir.

Məlumatda bildirilir ki, şirkət texnoloji proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi və optimallaşdırılması sayəsində bu il ötən ilkindən xeyli artıq neft məhsulu əldə edib.

Ötən il ilk dəfə olaraq 60 faiz emal dərinliyi əldə olunub. 2008-ci ildə neftin emal dərinliyinin 9 faiz artırılaraq 75,2 min tona qədər çatdırılması nəzərdə tutulub

Ötən il neft emalı müəssisələrində 1,136 mln. ton benzin əldə olunub ki, bu da 2006-cı ilin göstəricisindən 93 min ton çoxdur. Həmin həcmdən 379,7 min tonu ixrac edilib, 756,3 min tonu isə daxili bazarın ehtiyaclarına yönəldilib. 2008-ci ildə benzin istehsalını 1 milyon 372 min tona çatdırmaq planlaşdırılıb ki, bunun da 910 min tonu daxili tələbat üçün, 462 min tonu isə ixraca göndərmək nəzərdə tutulur.

2007-ci ildə 2 milyon 117,8 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötənilki göstəricidən 22,7 min ton çoxdur. Bu həcmin 710,8 min tonu daxili bazara çıxarılıb, 1 milyon 407 min tonu isə ixrac edilib.

2008-ci ildə dizel yanacağının istehsalını 2 milyon 583 min tona çatdırmaq nəzərdə tutulub ki, bunun da 806 min tonunu ölkənin daxili ehtiyaclarının ödənilməsinə, 1 milyon 777 min tonunu isə ixraca yönəltmək planlaşdırılıb.

2007-ci ildə kerosin istehsalı 788 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 50 min ton artıqdır.

Maye qazın istehsalı 2007-ci ildə 157 min ton təşkil edib. 2008-ci ildə bu həcmi 214 min tona çatdırmaq planlaşdırılıb. Neft koksunun istehsalı da bu ilki 79,2 min tondan 175 min tona çatdırılacaqdır.

Xəbər lenti

Xəbər lenti