Azərbaycan, Bakı, 9 yanvar/ Trend , müxbir S.Əliyev/ "Azəri"- "Çıraq"- "Günəşli" yatağında yüngül neftin gündəlik hasilatı 720 min barel təşkil edir. Yatağın operatoru BP şirkətidir. Bu barədə çərşənbə günü BP Azerbaijan şikrətindən məlumat veriblər.
Şirkətdən bildiriblər ki, "Mərkəzi Azəri" platformasında gündəlik neft hasilatı 270 min barel, "Şərqi Azəri"-də 125 min barel, "Qərbi Azəri"-də isə. 213 min barel təşkil edib. "Çıraq" yatağında gündəlik hasilat 110 barelə bərabərdir.
"AÇQ" yatağından hasilatın pay bölgüsü (HPBM) barədə razılıq 1994-cü ildə imzalanıb. Müqavilə "Azəri"- "Çıraq"- "Günəşli" müqavilə sahəsinin 30 ilə ərzində işlənməsini nəzərdə tutur.
Yataq bir neçə fazada işlənir: "Çıraq" yatağında hasilat 1997-ci ildən, "İlkin neft Layihəsi" kimi başlayıb. Sonra 2005-ci ildə "Azəri" layihəsində Faza 1- "Mərkəzi Azəri"-dən hasilat başlayıb. Sonrakı fazalara hasilatın 2005-ci ildə başladığı Qərbi Azəri" və 2006-cı ilin oktyabrında, Azəri Layihəsinin 2 Fazası çərçivəsində hasilatın başladığı "Şərqi Azəri" daxildir.
"AÇQ"-nin işlənilməsinin sonuncu fazası-Faza 3 ("dərin sulu Günəşli") çərçivəsində hazırda tikinti işləri başa çatır və hasilat burada 2008-ci ildə başlayacaq.
"Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.