...

Koreyalı biznesmenlər Azərbaycanda neft emal etmək niyyətindədirlər

Energetika Materials 19 May 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir U.İsmayılova/ Koreyalı biznesmenlər Azərbaycanın energetika sahəsinə sərmayə yatırmaqda maraqlıdırlar. Bu barədə bazar ertəsi Bakıda Koreyanın KOTRA Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin daimi nümayəndəliyinin açılışında təşkilatın vitse-prezidenti Kyunq San Min bildirib.

"Koreyalı biznesmenlər bu sahədə onun yüksək inkişaf səviyyəsinin olmasına görə maraqlıdırlar", - deyə Min bildirib.

Vitse-prezidentin sözlərinə görə, Koreya şirkətləri Azərbaycanda elektrik stansiyaları tikmək və neft emal etmək niyyətindədir.

Min bildirib ki, KOTRA-nın əsas planlarına Azərbaycanın energetika sahəsində iştirak daxil olsa da, bazarın tam öyrənilməsindən sonra Agentliyin fəaliyyəti qeyri-neft sektorunda genişləndiriləcək. Vitse-prezident vurğulayıb ki, koreyalı sahibkarlar artıq tikinti və ticarət sektorlarında iştirak etmək istəyində olduqlarını bildiriblər.

Bakıda KOTRA-nın daimi nümayəndəliyinin açılışında Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov söyləyib ki, artıq iki Koreya şirkəti kimya və əczaçılıq sahəsində birgə istehsalda maraqlı olduqlarını bildirib. Şirkətlərin adları açıqlanmır.

Koreyanın KOTRA Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi 1962-ci ildə yaradılıb. Agentliyin dünyanın 68 ölkəsində 93 filialı var.

Koreya inkişaf etmiş ölkələr arasında inkişaf səviyyəsinə görə 13 - cüdür. Ölkə iqtisadiyyatının əsas inkişaf etmiş sahələri maşınqayırma, gəmiqayırma, telekommunikasiya, toxuculuqdur. Cari ilin birinci rübünün yekunlarına görə, Azərbaycan və Koreya arasında ticarət dövriyyəsi 30,9 mln. dollar təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan :: [email protected]

Xəbər lenti

Xəbər lenti