Azərbaycan, Bakı, 04 oktyabr / Trend / 2008-ci ilin yanvar-iyulunda Birləşmiş Ştatlar Azərbaycandan ötən ilin analoji dövründəki 10,3 mln. barelə qarşı 12 mln. barel neft idxal edib, ABŞ-ın Energetika İnformasiyasi İdarəsinin (EİA) məlumatında bildirilir.
2007-ci ildə ABŞ Azərbaycandan 20,643 mln. barel neft idxal edib. 2006-cı ildə isə bu rəqəm 9,744 mln. barelə bərabər olub, EİA-nın məlumatında bildirilir.
Azərbaycan neftinin ixrac edildiyi əsas marşrut, xammalı Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəməridir.
Azərbaycanın yüngül nefti həmçinin Gürcüstanın Supsa limanından ixrac edilib. Neft limana Bakı-Supsa boru kəməri ilə nəql edilir. Hazırda təhlükəsizlik məqsədilə bu neft kəməri dayandırılıb.
Neft həmçinin Gürcüstanın Batumi Qara dəniz limanından da ixrac edilir. Limana neft Bakıdan dəmir yolu ilə çatdırılır. Bakı-Novorossiysk boru kəməri ilə nəql edilən neft Novorossiysk limanından ixrac edilir.