Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Geofizika və Geologiya İdarəsi "Bahar-2" perspektivli qaz strukturunda kəşfiyyat xarakterli geofiziki işlərə başlayıb, - SOCAR- dakı məlumatlı mənbə cümə axşamı bildirib. İşlər ilin sonunadək aparılacaq və 2009-cu ildə də davam etdiriləcək.
"İşlər bir müddət əvvəl başlayıb. Sahədə ikiölçülü və üçölçülü geofiziki tədqiqatlar aparılacaq", - mənbə bildirib.
Onun sözlərinə görə, ehtiyatların olması və onların həcmi yalnız geofiziki məlumatlar alındıqdan sonra müəyyən ediləcək.
Ehtiyatlarının xeyli hissəsinin işlənildiyi "Bahar-1" yatağı unikal yataqdır. Ötən əsrin 80 - ci illərində yataqdan 16-17 mln. kubmetr qaz hasil edilirdi ki, bu da ölkənin qaza olan tələbatının 30 -40 faizini ödəyirdi. SOCAR "Bahar" yatağının işlənilməsi ilə müstəqil məşğul olur.
Azərbaycanda qazın hasilatı ilə SOCAR şirkəti məşğul olur. Şirkət qazı şəxsi vəsaitləri hesabına işlədiyi yataqlardan hasil edir. SOCAR - ın hasil etdiyi qazın böyük hissəsi Azərbaycanın daxili bazarındakı tələbatı ödəməyə sərf olunur, bir hissəsi Gürcüstana ixrac edilir.
BP - nin texniki operatorluğu altında əcnəbi şirkətlər SOCAR - ın iştirakı ilə "Şahdəniz" yatağından da qaz hasil edirlər. Qaz Azərbaycan bazarına tədarük, Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac edilir. Azərbaycan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin işlədiyi "Azəri -Çıraq - Günəşli" yatağından hasil edilən səmt qazı da alır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]