...

Azərbaycan türkmən qazının Avropaya tranziti üçün dəhliz təqdim etməyə hazırdır - nazir

Energetika Materials 25 Noyabr 2008 03:11 (UTC +04:00)
Azərbaycan türkmən qazının Avropaya tranziti üçün dəhliz təqdim etməyə hazırdır - nazir

Avstriya, Vyana, 25 noyabr / Trend müxbir A.Ələsgərov/ Azərbaycan öz enerji tranzit dəhlizini Türkmənistan qazının Avropaya nəqli üçün təqdim etməyə hazırdır. Bunu Vyanada səfərdə olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Biz güclü tranzit dəhlizi yaratmışıq və onu istifadə üçün Türkmənistana vermək iqtidarındayıq", - deyə Əliyev Trend -ın Vyanadakı xüsusi müxbirinə bildirib.

Bununla belə nazir qeyd edib ki, Azərbaycan Türkmənistan qazının öz ərazisi ilə Avropaya nəqli üçün edilən səylərdən kənardadır.

"Əgər Türkmənistanın belə bir siyasəti olsa və əgər onlar müvafiq qərar versələr, Azərbaycan yardım əlini uzatmağa hazırdır. Lakin Azərbaycanın özü bu səylərdən kənardadır", - deyə Natiq Əliyev vurğulayıb. O Vyanada nazirlər səviyyəsində keçirilən birinci qaz forumunda iştirak edir.

Əliyevin sözlərinə görə, "Nabukko" boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması üçün yaradılan konsorsiumun iştirakçıları "Şahdəniz" yatağından hasil olunan Azərbaycan qazına böyük ümidlər bəsləyirlər.

"Hesab olunur ki, layihənin birinci mərləhəsi üçün Azərbaycan qazı əsaslı mənbə rolunda çıxış edəcək ki, sonra digər mənbələr də bura [qazın "Nabukko" ilə ötürülməsi] qoşulsunlar", - deyə nazir vurğulayıb.

Əliyev bildirib ki, Azərbaycan yanacağı hesabına Avropada qaza olan tələbatın tam ödənilməsini gözləmək lazım deyil. Həmçinin Azərbaycan qazı hesabına "Nabukko" kəmərinin tam gücü ilə işləməsi nəzərdə tutulmur.

"Biz həmişə Avropaya deyirik ki, Azərbaycan yeganə qaz mənbəyi rolunda nəzərdən keçirilməsin və onlara digər mənbələrin axtarışı ilə məşğul olmağı təklif edirik", - deyə nazir söyləyib.

Əliyevin sözlərinə görə, Azərbaycanın başlıca vəzifəsi daxili tələbatın ödənilməsidir. Sonra isə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və Azərbaycan qazının dünya bazarlarına çıxışı kimi məsələlər gəlir.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti