Azərbaycan, Bakı, 09 fevral/ Trend , müxbir V.Şərifov/ SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycanın quru ərazilərində neft hasil edən iki birgə müəssisə - Shirvan Oil və Anshad Petrol şirkətləri ilə iki PSA tipli müqavilə bağlayıb. Bu barədə bazar ertəsi SOCAR-dan bildiriblər.
Xarici iştirakçılar olan Shirvan Oil və Anshad Petrol ötən il BM-nin PSA tipli müqaviləyə köçürülməsi barədə təklif ilə SOCAR-a müraciət ediblər.
Shirvan Oil BM 1997-ci il sentyabrın 1-dən fəaliyyət göstərməyə başlayıb. "Gürovdağ" yatağını istismar edən BM-in iştirakçıları 49 faiz ilə SOCAR və 51 faizilə Britaniyanın Caspian Energy Group şirkətidir.
"Gürovdağ" yatağı 1995-ci ildə Küryanı çökəklikdə açılıb. Yatağın istismarına 1956-cı ildə başlanıb və 600-dən 3500-dək dərinlik diapozonlarında 13 məhsuldar layı əhatə edir. Məhsuldar layların qalan perspektivli qatları (onlardan ayrıca neft və qaz əldə olunub) 3200 metrdən 5100 metrədək dərinlik məsafəsində yayılıb. Bakının 106 km. cənubunda yerləşən "Gürovdağ" yatağının ümumi sahəsi 115 kvadrat kilometrdir. Yataq şərti olaraq üç hissəyə bölünüb - şimali, mərkəzi və cənubi. Yatağın ehtiyatları 5,5 mln. ton qiymətləndirilir.
Anshad Petrol "Neftçala", "Xilə" və "Babazanan" müqavilə sahələrində neft hasil edir.
Anshad Petrol BM 1993-cü ildə SOCAR və Türkiyənin Atilla Dogan Petrol şirkətləri arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol-un payının 17,15 faizini almaqla layihənin iştirakçısı olub.
Hazırda BM-də iştirak payı bu formadadır: SOCAR - 51 faiz, Rusneft Neftchala Investment Limited - 31,85 faiz və Malayziyanın Land and General Berhad şirkəti - 17,15 faiz.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]