...

Aİ "Nabukko" kəməri üçün tədarükçü axtarışına çıxıb

Energetika Materials 16 Fevral 2009 15:37
Aİ "Nabukko" kəməri üçün tədarükçü axtarışına çıxıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir А.Bədəlova/ Avropa İttifaqında sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanekin Azərbaycana və bundan öncə Qazaxıstan və Türkmənistana səfərlərində əsas məqsədlərindən biri qaz sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirə edilməsidir. Müzakirə edilən məsələlərin arxasında duran ən vacib məsələnin Aİ-nin üstünlük verdiyi "Nabukko" qaz kəmərinin perspektivləri ilə bağlı olduğu aşkar görünür.

Rusiya və Ukrayna arasındakı narazılıqlar nəticəsində yaranmış və Avropa ölkələrini soyuq qışda qazsız qoyan son "qaz böhranı", Avropanı bu qaz kəmərinin tikintisi ilə bağlı addımlarını sürətləndirməyə məcbur etdi. Baş nazirin Xəzəryanı ölkələrə səfəri bir daha göstərdi ki, Aİ daha gözləmək niyyətində deyil və "Nabukko" qaz kəməri layihəsinin ən qısa zamanda həyata keçirilməsi üçün əlindən gələni etmək fikrindədir.

"Avropa sürəti azaltsa, gecikə də bilər", - Çexiyanın Aİ Şurasındakı sədrliyinin rəsmi saytında yerləşdirilən məlumatda Topolanek bildirib.

Onun sözlərinə görə, sədrlik edən Çexiya AŞ-nın martda Brüsseldə keçirilən iclasında, eləcə də Praqada "Cənub dəhlizi"ndə maraqlı olan ölkələrin sammitində Aİ-nin Xəzər regionu ilə əməkdaşlıq üzrə layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinə nail olmağa çalışacaq.

Aİ Şurasının prezidenti deyib ki, avropalılar əslində enerji xammalının tədarükü marşrutlarının diversifikasiyasında gecikirlər. Baxmayaraq ki, "Nabukko" qaz kəməri üçün lazım olan qaz tədarükündə Aİ-dən başqa, Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi böyük neft və qaz ixracatçılarının digər ticari tərəfdaşları da maraqlıdırlar.

Topolanekin Xəzər regionu ölkələrinə səfəri zamanı əsas məqsədi "Nabukko" üçün enerji xammalı üzrə potensial tədarükçü olan ölkələri tanımaq və onları öz qazını bu kəmər vasitəsilə ixrac etməyə çağırmaq olub.

Bu gün "Nabukko" ilə tədarüklərlə üzrə heç bir konkret razılaşma yoxdur, öz qazını bu kəmərlə ixrac etmək istəyini isə yalnız Azərbaycan dilə gətirib. Azərbaycanın Baş naziri Artur Rəsizadə Topolaneklə görüşdə ölkənin mövqeyini bir daha bildirib. Onun sözlərinə görə, Azərbaycan böyük infrastruktura malikdir və "Nabukko" layihəsində iştirak etməyə hazırdır. Amma Avropa çox yaxşı başa düşür ki, layihənin yalnız Azərbaycan qazı ilə həyata keçirilməsi demək olar ki, mümkün deyil. Magistralın doldurulması üçün digər namizədlər isə daha ehtiyatlı mövqe nümayiş etdirirlər.

Topolanekin məqsədini, Türkmənistana səfəri zamanı prezident Qurbanqulı Berdimuhammedovu mayın 17-də Praqada, "Nabukko" qaz kəməri layihəsinin inkişafına həsr olunmuş sammitdə iştirak etməyə dəvət etməsi də təsdiq edir. Çexiyanın Baş naziri Avropa cəmiyyəti adından, "öz resurslarının dünya bazarlarına çıxarılması yollarının diversifikasiyası siyasətini həyata keçirən Türkmənistanın malik olduğu" zəngin sabit karbohidrogen xammalı tədarükündə maraqlı olduqlarını bildirib. Berdimuhammedov öz növbəsində bildirib ki, "ölkənin enerji potensialı istənilən beynəlxalq layihənin həyata keçirilməsinə imkan verir".

Ötən ay Budapeştdə, "Nabukko" layihəsinin perspektivləri ilə bağlı keçirilmiş sammitdə Türkmənistan istənilən qaz layihələrində iştirak və idxalçı ölkələrin əksəriyyətinin enerji təhlükəsizliyinin təmin edilməsini təmin etməyə hazır olduğunu bəyan edib. Bu bəyanat ölkənin alternativ qaz tədarükçüsü kimi çıxış etmək imkanına ümid verən arxayınlıq işarəsi kimi qəbul edildi.

Layihədə iştirakı ilə bağlı nadir hallarda danışılan Qazaxıstanla bağlı durum isə bir qədər çətindir. Topolanekin Astanaya səfəri zamanı Qazaxıstanın Baş naziri Kərim Məsimovun Qazaxıstan və Avropa İttifaqı arasındakı münasibətlərin inkişafında resursların Aİ-yə nəqlinin ən vacib məsələ olduğunu bildirməsinə baxmayaraq, ölkə "Nabukko" layihəsinə "ehtiyatla" yanaşmaqda davam etdirir.

"Nabukko" qaz kəməri layihəsinin əsas məqsədi Azərbaycan və Mərkəzi Asiyadan təbii qazın Avropaya tədarüküdür. Avropa Xəzər dənizindən başlayaraq boru kəmərini Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçirməklə, özünün Rusiya qazından asılılığını azaltmaq niyyətindədir. "Nabukko" layihəsi ilə bağlı bir çox tərəddüd və qeyri-müəyyənliklərin olmasına baxmayaraq, Aİ bu kəmərin reallaşdırılmasında möhkəm və inamlı mövqeyini nümayiş etdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti