Azərbaycan, Bakı, 04 may / Trend , müxbir E.İsmayılov/
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu il qaz hasilatının artırılması proqramı çərçivəsində şəxsi yataqlarından 8 mlrd. kubmetrdən çox qaz hasil etməyi planlaşdırır. Bu barədə bazar ertəsi SOCAR-da işlərə yaxın mənbə bildirib.
Bu il qaz proqramı çərçivəsində 8 mlrd. kubmetr qazın hasil edilməsi planlaşdırılıb. Bu həcmin yeddi mlrd. kubmetri dövlətə təhvil veriləcək. Qazın qalan hissəsi neftvermənin artırılması üçün laylara vurma məqsədilə şirkət tərəfindən istifadə olunacaq.
"Dörd ayın yekunu üzrə şirkətin qaz hasilatı artıq qoyulan planı üstələyir və heç bir problem baş verməzsə, bu il SOCAR-ın qaz hasilatı 8 mlrd. kubmetri ötəcək", - deyə mənbə bildirib.
Ötən il şirkət planlaşdırılan 8 mlrd. kubmetri əldə edə bilmədi. "Bunun səbəblərindən biri ötən il "Azəriqaz"ın [Azərbaycanda iri qaz paylayıcısı] müəyyən səbəblərdən qazı qəbul edə bilməməsi olub", - deyə mənbə qeyd edib. Hazırda bütün problemlər həll olunub.
SOCAR-ın məlumatında bildirilirdi ki, şirkət son üç ildə qaz hasilatını 3,9 mlrd.kubmetrdən 7,75 mlrd. kubmetrədək iki dəfə artırıb.
SOCAR-ın qaz proqramı müstəqil şəkildə istismar olunan yataqları əhatə edir. Azərbaycanda qaz SOCAR tərəfindən xarici şirkətlərlə birgə istismar olunan "Şahdəniz" dəniz yatağından da hasil edilir. Azərbaycanda hasil edilən qazın bir hissəsi "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi zamanı əldə olunan səmt qazının payına düşür. "Azəri-Çıraq-Günəşli" yataqları da xarici şirkətlərlə birgə istismar olunur.
Azərbaycanda 18-i dənizdə, qalanı isə quruda yerləşməklə 57 neft-qaz yatağı var. Bu gün SOCAR-ın əməkdaş heyəti 62 min nəfərdən çoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]