Azərbaycan, Bakı, 13 may / Trend , müxbir А.Bədəlova /
"Dünya iqtisadi böhranının yeganə müsbət nəticəsi hazırda neftə olan aşağı qiymətlərdir", - Aİ-nin enerji üzrə komissarı Andris Piebalqs hesab edir.
"Dünya iqtisadi böhranının bəlkə də yeganə müsbət nəticəsi neftin bir barel qiymətinin 2008-ci ilin iyulundakı 147 dollar səviyyəsindən təxminən 100 dollar aşağı düşməsidir", - Piebalqs hesab edir.
Hər halda son günlər dünya neft bazarlarında neftin qiymətinin artımı nəzərə çarpır.Qiymətlər ilk dəfə bu il bir barelə görə 58 dollar həddini keçib. Neftin aşağı qiymətləri qazın qiymətinə də təsir edir. Buna səbəb bu iki məhsulun bir-biri ilə çox bağlı olmasıdır.
"Neftin qiymətinin aşağı düşməsinə səbəb dünya iqtisadi böhranı nəticəsində tələbin azalmasıdır. Ancaq enerji bazarının qanunları hələ də dəyişməz olaraq qalır. İqtisadiyyat bərpa olunan kimi enerji daşıyıcılarına tələbat, xüsusilə də inkişaf etmiş ölkələrdə artacaq", - Piebalqs bildirib.
Ancaq Piebalqs hesab edir ki, neftin qiymətinin aşağı olması yeni layihələrə sərmayə cəlb edilməsinə mənfi təsir göstərir.
"Bu qiymətlər üzündən neft hasilatçıları yeni istehsal güclərinə lazımi sərmayələr qoyulmasını ertələmək məcburiyyətində qalır. Nəticədə, iqtisadi böhran bitəcək və tələb bərpa olunacaq və biz böyük tədarük qıtlığı ilə qarşılaşacağıq ki, bu da yetərincə böyük qiymətlərə gətirib çıxaracaq", - Piebalqs bildirib. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) Baş katibi Nabuo Tanakanın proqnozlarına əsasən, yaxın dörd il ərzində neftin qiymətləri bir barelə görə 200 dollara çata bilər.
"Neftin hazırkı aşağı qiymətləri bizə qarşıdakı növbəti neft böhranına hazırlaşmaq imkanı verir", - Piebalqs hesab edir.
Avropa komissarı Aİ-nin rəsmi saytda dərc olunmuş çıxışında neftdən asılılığı alternativlərdən istifadə yolu ilə azaltmağa çağırır.
"Həmçinin, bütün sektorlarda enerji səmərəliliyini inkişaf etdirmək lazımdır. Biz bunu, istifadə etdiyimiz hər neft barelinin sonuncu olduğunu düşünərək etməliyik", - Piebalqs hesab edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]