...

Türkiyə Azərbaycandan alınan qazın həcmini artırmaq niyyətindədir

Energetika Materials 16 May 2009 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend /

"Türkiyə Azərbaycandan aldığı qazın həcmini səkkiz milyard kubmetrə qədər artırmaq niyyətindədir", - şənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan CNN Turk telekanalının canlı yayımında deyib.

Müqaviləyə əsasən Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından ildə 6,6 milyard kubmetr qaz almalıdır. Ötən il bu rəqəm dörd milyard kubmetri ötmüşdü. "Türkiyənin bu il Azərbaycandan 6,7 milyard kubmetr qaz əldə edəcəyi gözlənilir", - Ərdoğan bildirib. 

"Türkiyənin qaz tələbatı hazırda 32 milyard kubmetr təşkil edir", - Ərdoğan deyib.

Bu gün Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara satılır. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, "Şahdəniz" yatağından çıxarılan qazın qiymətinə tədarüklərin başlanmasından bir il sonra yenidən baxıla bilər. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.

Müqaviləyə əsasən Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından layihənin işlənməsinin birinci mərhələsində ildə 6,6 milyard kubmetr qaz almalıdır. Artıq bu il tərəfdaşların göstərilən həcmə nail olacağları gözlənilir.

"Şahdəniz" yatağının işlənməsi layihəsi 4 iyun 1996-cı ildə imzalanıb. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz" layihəsində hasilatın pay bölgüsünə dair sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz.

Xəbər lenti

Xəbər lenti