...

Avropada "Nabukko"ya tələbat artır

Energetika Materials 31 İyul 2009 18:13 (UTC +04:00)
Balkan yarımadasının mərkəzi hissəsində yerləşən Bosniya və Herseqovina Xəzər və Yaxın Şərq qazının Avropaya tədarükünü nəzərdə tutan "Nabukko" layihəsinə qoşulmaq üçün real imkanlara malikdir.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir A.Bədəlova /

Balkan yarımadasının mərkəzi hissəsində yerləşən Bosniya və Herseqovina Xəzər və Yaxın Şərq qazının Avropaya tədarükünü nəzərdə tutan "Nabukko" layihəsinə qoşulmaq üçün real imkanlara malikdir. Türkiyə KİV yazır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bosniyalı həmkarı Sven Alkalay ilə görüşü zamanı Bosniya və Herseqovinanın 2014-cü ildə istismara veriləcək "Nabukko" layihəsinə qoşulması imkanları müzakirə edilib.

Bosniya və Herseqovinanın "Nabukko" layihəsində iştirakı ilə bağlı layihənin səhmdarlarından biri, həmçinin tranzit ölkəsi olan Türkiyə ilə danışıqları balkan dövlətlərinin qaz kəmərinə marağı olduğuna sübutdur ki, bu da təəccüblü deyil. "Nabukko" qaz tədarükü mənbələrinin diversifikasiyası və nəqletmənin təhlükəsizliyinin artırılması üçün vacibdir. Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tədarükünün dayandırılması səbəbindən yaranan qışdakı qaz böhranından sonra "Nabukko" layihəsi bir çox Avropa ölkəsi üçün xilas imkanı oldu. Hazırda Rusiya və Ukrayna arasında münasibətlərin gərgin olduğu bir vaxtda tez-tez növbəti qaz böhranı təhlükəsi barədə bildirilir.

Balkan regionlarından biri, ərazisi 51 min kvadrat metr olan Bosniya və Herseqovinada qaz hasilatının və təsdiqedilmiş qaz ehtiyatlarının olmamasını nəzərə alsaq, ölkə qaz böhranı zamanı daha çox əziyyət çəkən dövlətlərdən biri idi. Bosniyanın "BX Qas" şirkətinin məlumatlarına əsasən, bu ölkəyə böhran zamanı yanacaq tədarüklərinin azalması 25 faiz təşkil edib.

ABŞ Dövlət Energetika İnformasiya İdarəsinin hesablamalarına əsasən, 1998-2006-cı illər ərzində 4,55 milyon əhalisi olan Bosniya və Herseqovina cəmi 2,4 milyard kubmetr qaz sərf edib. 1998-ci ildən etibarən ölkədə qaz istehlakı 0,2 milyard kubmetrdən 2006-cı ildə 0,4 milyard kubmetrə kimi artıb. 2007-ci ildə Bosniya və Herseqovinaya satılan Rusiya qazının həcmi 0,3 milyard kubmetr təşkil edib.

Hər il orta hesabla 500-600 milyon kubmetr qaz istehlak edən Bosniya və Herseqovinanın "Nabukko" layihəsində iştirakı üçün hazırda bütün ilkin şərtlər var. Planlaşdırılan "Macarıstan-Xorvatiya" qaz kəmərinin inşası Bosniya və Herseqovinanı "Nabukko" üzrə nəql olunacaq Xəzər qazının da daxil olduğu yeni qaz tədarükü marşrutları ilə təchiz edəcək.

Martda Xorvatiyanın qaz şirkəti "Plinacro" və Macarıstanın "FGSz" şirkəti 2010-cu ilədək öz qaz kəmərlərinin birləşdirilməsi barədə müqavilə imzalayıblar.

Macarıstan "Nabukko" üzrə olduğu kimi, nəticədə gücü 7,5 milyard kubmetr təşkil edən boru kəməri ilə Bosniya və Herseqovina, Xorvatiya və İtaliyaya tədarük olunacaq Rusiyanın Cənub axını üzrə də qazı əldə edə bilər.

"Nabukko" kəməri ilə ildə təqribən iki milyard kubmetr qaz Ruminiya və Macarıstana, bir milyard kubmetr qaz Bolqarıstana, 15 milyard kubmetr qaz isə Avstriyadakı Baumqarten qaz paylama mərkəzi üzərindən digər ölkələrə tədarük ediləcək.

Dəyəri 7,9 milyard avro olan qaz kəmərinin inşası 2011-ci ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edir.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Boru kəməri üçün əsas qaz tədarükçüləri qismində Azərbaycan, İraq, Misir və Türkmənistan nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti