...

ARDNŞ tələbələrə təqaüd verib

Energetika Materials 2 Fevral 2010 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ ali məktəb tələbələrinə 2008-2009-cu təhsil ilinin ikinci semestrinin yekunları üzrə təqaüdün verilməsi mərasimini keçirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev müsabiqə komissiyasının qərarı əsasında 100 tələbəyə şirkətin təqaüdünü təqdim edib. Təqaüdlər Azərbaycan Dövlət Neft Akademiyasının 79 tələbəsinə, Bakı Dövlət Universitetinin 8, Qafqaz Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 4, Moskva Dövlət Universitetinin Bakı filialının 2 və Azərbaycan Texniki Universitetinin 1 tələbəsinə təqdim edilib.

2007-2008-ci tədris ilində ARDNŞ-nin təqaüdü 40 manatdan 70 manatadək artırılıb.

Müsabiqədə Azərbaycanın 12 ali tədris müəssisəsindən 800 nəfərdən artıq tələbə iştirak edib. Onlardan 100 nəfəri təqaüdə layiq görülüb.

ARDNŞ rəhbəri mərasimdə bildirib ki, hazırda şirkətin neft-qaz sahəsinin gənc mütəxəssislərinin xaricdə təhsili üzrə təqaüd proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində 44 tələbə təhsil alır. Onlardan 23-ü bakalavr, 21 isə magistrdir. Onlar Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Niderland, Norveç, Türkiyə və Maltanın nüfuzlu universitetlərində təhsil alırlar. Bu proqramın 24 iştirakçısı təhsillərini başa vurduqdan sonra ARDNŞ strukturlarında işlə təmin olunublar.

Xəbər lenti

Xəbər lenti