...

ARDNŞ Xəzərdə iri perspektiv strukturda yeni kəşfiyyat quyusu qazacaq

Energetika Materials 15 Mart 2010 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu il Xəzərin Azərbaycan sektorunda "Babək" qaz-kondensat strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaq niyyətindədir. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə məlumat verib.

ARDNŞ geoloqları "Babək" strukturunun mümkün ehtiyatlarını 300 milyard kubmetr və 45 milyon ton qaz-kondensat həcmində dəyərləndirir.

"Çox güman ki, ilk kəşfiyyat quyusunun qazılması üzrə işlərə bu il başlanacaq, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir", - mənbə bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ bu layihə üzrə hazırlanmış layihə tapşırıqlarını nəzərdən keçirir. Strukturda ilk kəşfiyyat quyusunun qazılmasını "Caspian Drilling Company" həyata keçirəcək. Bu, ARDNŞ və "Santa Fe Corporation" şirkətinin birgə müəssisəsidir. Quyunun qazılması "İstiqlal" qazma qurğusu tərəfindən həyata keçiriləcək.

Mənbə deyib ki, hələlik strukturda yalnız bir quyu qazılacaq, quyunun layihə dərinliyi 6800 metr təşkil edəcək.

Hazırda "Babək" strukturunda ARDNŞ tərəfindən tədqiqat işləri aparılır. Əsas məqsəd dəniz dibinin özəlliklərinin, əsasən onun davamlılığının və relyefinin aşkar edilməsidir.

Xəbər lenti

Xəbər lenti