...

ITGI Azərbaycan qazının Avropaya nəqli üçün daha rəqabətqabiliyyətli layihədir - "Edison"

Energetika Materials 2 İyun 2010 17:02 (UTC +04:00)
ITGI layihəsi (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) Azərbaycan qazının Avropaya nəqli üçün daha rəqabətqabilliyyətlidir.
ITGI Azərbaycan qazının Avropaya nəqli üçün daha rəqabətqabiliyyətli layihədir - "Edison"

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir A.Bədəlova/

ITGI layihəsi (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) Azərbaycan qazının Avropaya nəqli üçün daha rəqabətqabiliyyətlidir. Bu barədə İtaliyanın "Edison" şirkətinin beynəlxalq qaz infrastrukturu üzrə rəhbəri Elio Ruceri çərşənbə günü 17-ci Beynəlxalq Xəzər neft-qaz konfransında bildirib.

Onun sözlərinə görə, ITGI layihəsi Azərbaycan qazını Avropa bazarları ilə birləşdirməyə hazırdır.

"Biz Azərbaycanın bizə təklif edəcəyi qazı almağa və onu Avropa bazarına nəql etməyə hazırıq", - Ruceri deyib.

Onun sözlərinə görə, Cənub dəhlizinin reallaşması üçün qaz həcmlərinin olması vacibdir. O hesab edir ki, Azərbaycan Avropaya qaz nəqli üzrə yeganə potensial qaz tədarükçüsüdür.

Rucerinin dediyi kimi, böyük resurslara malik olan digər ölkələr də var, lakin onların qaz ixrac edə bilmələri üçün vaxt lazımdır.

ITGI layihəsi barədə danışan Ruceri deyib ki, Avropa bazarlarına qaz nəqlinin şaxələndirilməsinin təmin olunması ən yaxşı üsuldur.

Rucerinin sözlərinə görə, ITGI layihəsi 2015-ci ilədək buraxılışa hazır olacaq. O deyib ki, bu planda layihə "Şahdəniz" yatağından qaz nəqlini yubatmayacaq.

"Biz layihənin 2015-ci ildə istismara verilməsi üçün bütün işləri yerinə yetiririk", - Ruceri bildirib. Onun sözlərinə görə, əgər "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi 2016-cı ildə istismara verilərsə, ITGI çərçivəsində işlər yubadılacaq.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. ITGI-nin ötürmə gücü ildə 12 milyard kubmetr səviyyəsində planlaşdırılır.

ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək.

Yunanıstan və İtaliya arasında Adriatik dənizinin dibi ilə qaz kəməri sahəsinin inşasına görə İtaliyanın "Edison" şirkəti məsuldur. Tikinti 2012-ci ilədək başa çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti