...

ARDNŞ və "Qazprom" gələn il üçün qazın qiymətinin müəyyənləşdirilməsi üzrə danışıqlar aparırlar

Energetika Materials 18 Avqust 2010 15:05 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) və Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti 2011-ci il üçün qazın qiymətinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparırlar. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü mətbuat konfransında bildirib.
ARDNŞ və "Qazprom" gələn il üçün qazın qiymətinin müəyyənləşdirilməsi üzrə danışıqlar aparırlar

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir N.İsmayılova/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) və Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti 2011-ci il üçün qazın qiymətinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparırlar. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gələn il qazın dəyəri hələ də razılaşdırılmayıb. Lakin tərəflər danışıqlar prosesini davam etdirirlər.

Bu il Rusiyaya bir milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Həmçinin, "Qazprom" və ARDNŞ 2011-ci ildə Rusiyaya ixrac olunacaq Azərbaycan qazının həcmlərini artıq razılaşdırıblar. Gələn il bu göstərici iki milyard kubmetr təşkil etməlidir.

Şedrinin dediyi kimi, Azərbaycanın qaz ehtiyatları Rusiyaya iki milyard kubmetr ixrac etmək üçün kifayətdir.

Rusiya ilə Azərbaycan qazının alqı-satqısı barədə ortamüddətli müqavilə (müddətin uzadılması mümkünlüyü ilə) ARDNŞ ilə "Qazprom" arasında Bakıda oktyabrın 14-də imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqaviləyə görə, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetr həcmində qaz nəql edir. Müqavilədə qaz nəqlinin həcminin həddi göstərilməyib. ARDNŞ yarım il əvvəldən şirkətin nəql edə biləcəyi həcm barədə qarşı tərəfə xəbər verməlidir.

Azərbaycan qazının Rusiyaya nəqlinə bu ilin yanvarından başlanılıb.

ARDNŞ-in məlumatına görə, yanvar-iyul aylarında şirkət ortamüddətli müqavilə çərçivəsində Rusiyaya 494,6 milyon kubmetrdən artıq qaz ixrac edib. İyulda Rusiyaya 66,4 milyon kubmetr Azərbaycan qazı satılıb. İyunda bu göstərici 81,54 milyon kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti