...

Azərbaycanda neft və qaz hasilatı artırılacaq – ARDNŞ prezidenti

Energetika Materials 5 Oktyabr 2010 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbirlər S.Süleymanov, E.İsmayılov/

Bu il Azərbaycanda ötən il hasil olunan 50,4 milyon tona qarşı 53 milyon ton neft çıxarılacaq. Bu barədə ARDNŞ-nin prezidenti (Azərbaycan Dövlət Neft Şirkəti) Rövnəq Abdullayev Astanada beşinci "KAZENERGY" Avrasiya forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il, həmçinin, qaz hasilatının 28,5 milyard kubmetrədək artırılacağı proqnozlaşdırılır.

Neft və qazın böyük hissəsi "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokundan və Xəzərin Azərbaycan sektorundakı dəniz qaz kondensatı yatağından hasil olunacaq.

Eləcə də ARDNŞ Prezidentinin sözlərinə görə, 2015-ci ilədək həm neft, həm də qaz hasilatının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Müvafiq olaraq, 2015-ci ildə 60 milyon ton neft, 35-40 milyard kubmetr qaz hasil olunması proqnozlaşdırılır. Neft hasilatının artırılması təkcə "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun hesabına deyil, həm də yeni "Chiraq oil project" layihəsinə görə mümkün olacaq.

Abdullayevin dediyi kimi, ötən il AÇG-də neft hasilatı gündə bir milyon barel təşkil edib "Və biz bu il də bu səviyyəni saxlaya biləcəyimizə ümid edirik".

Onun sözlərinə görə, qaz hasilatının artırılması Xəzər dənizində yerləşən "Naxçıvan" və "Abşeron" perspektivli strukturlarının işlənməsi sayəsində mümkün olacaq.

Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanda 61 yataq uğurla işlənir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: bp (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Hazırda qaz Cənubi Qafqaz qaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) Gürcüstana və Türkiyəyə nəql olunur.

Xəbər lenti

Xəbər lenti