...

"Şahdəniz" layihəsinin işlənməsi tərəfdaşları ikinci mərhələ çərçivəsində qaz satışı üzrə tender elan ediblər

Energetika Materials 11 Oktyabr 2010 14:49 (UTC +04:00)
"Şahdəniz" layihəsinin tərəfdaşları bu yaxınlarda layihənin ikinci mərhələsi çərçivəsində qaz satışı üzrə tender élan ediblər. Bu barədə bazar ertəsi "RWE Supply&Trading" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Maykl Rozen məlumat verib.
"Şahdəniz" layihəsinin işlənməsi tərəfdaşları ikinci mərhələ çərçivəsində qaz satışı üzrə tender elan ediblər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının işlənməsi layihəsinin ikinici mərhələsi üzrə ilk qaz tədarükünə 2017-ci ildən başlanacaq. Bu barədə bazar ertəsi "RWE Supply&Trading" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Maykl Rozen məlumat verib.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsinin tərəfdaşları bu yaxınlarda layihənin ikinci mərhələsi çərçivəsində qaz satışı üzrə tender élan ediblər. Onlar artıq 2017-ci ildə ilk qaz tədarükünün həyata keçirilməsinə istiqamətləniblər.

"RWE bu prosesdə də iştiraka dəvət olunub", - Rozen bildirib.

Rozenin dediyinə görə, şirkət "Nabukko" qaz kəməri layihəsinin reallaşdırılması çərçivəsində də İraq və Türkmənistanla qaz tədarükü üzrə danışıqlar aparacaq.

"İnvestisiya qərarları cədvəli və "Nabukko" qaz kəmərinin tikintisi sərəncamda olan qaz ehtiyatlarının reallaşdırılması müddətləri ilə uyğunlaşdırılacaq", - o qeyd edib.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%. Hazırda qaz Cənubi Qafqaz qaz boru kəmərilə (Bakı-Tbilisi-Ərzurum) Gürcüstana və Türkiyəyə nəql olunur.

Bu il yataqda 7,84 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Yataqda ən yüksək hasilatın 8,6-9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 20 milyard kubmetrədək artırılacağı gözlənilir.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2 730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti