Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində Avropaya qaz nəqli üçün lazımi infrastruktur 2016-2017-ci ilədək hazır olmalıdır. Bu barədə cümə axşamı mətbuat konfransında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
Onun sözlərinə görə, mənbələrin və qaz nəqli marşrutlarının diversifikasiyasında əhəmiyyətli istiqamət "Nabukko", ITGI, TAP, "Ağ axın" kimi layihələrin daxil olduğu "Cənub enerji dəhlizi"dir.
Kobianın sözlərinə görə, Avropa İttifaqı üçün prioritet "Nabukko" və ITGI layihələridir. Bu, onunla izah olunur ki, bu layihələrin həyata keçməsi ilə Aİ-nin əksər ölkələri qazla təmin olunacaq. Azərbaycan, öz növbəsində qazı böyük həcmdə satmağa imkan əldə edəcək.
"Cənub enerji dəhlizi" layihəsi üçün əsas tədarükçü qismində Azərbaycan nəzərdən keçirilir. O, bu halda təkcə ixracatçı kimi deyil, eləcə də üçüncü ölkələrə qaz tranzitçisi kimi çıxış edə bilər. Kobia bu ölkələr sırasında Türkmənistan və Qazaxıstanın da adını çəkib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsinin sözlərinə görə, Azərbaycan kimi Avropa da qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. Bu, ölkəyə indi Rusiyanın etdiyi kimi, qazı daha yüksək qiymətə satmağa imkan verəcək.
"Rusiya, onun qazının əsas alıcılarından biri kimi çıxış edən Avropanın strateji tərəfdaşıdır, - Kobia bildirib. - Lakin buna baxmayaraq, həm Aİ ölkələrinin, həm də digər tədarükçülərin yeni layihələrin həyata keçirilməsi üçün danışıq aparmaq hüquqları var".
Kobianın sözlərinə görə, Aİ istənilən sahədə, xüsusən də energetika sektorunda istənilən inhisarçılığın əleyhinədir. "Rəqabət hətta "Cənub dəhlizi"nin layihələri arasında da var, çünki hər bir iştirakçı şirkət müstəqil danışıqlar apara və layihələri həyata keçirə bilər", - o bildirib.