Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.İsmayılov/
2011-ci ilin birinci yarısında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Bahar-2" perspektiv strukturunda aparılan üçölçülü geofiziki tədqiqatların (3D) yekunları üzrə məlumatların hazırlanması və şərhini başa çatdırmağı planlaşdırır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.
Onun sözlərinə görə, 3D seysmik prosesinin özü artıq başa çatıb və əldə olunmuş məlumatların hazırlanması və şərhi üzrə işlər başlayıb.
"Üçölçülü tədqiqatlar artıq başa çatıb, gələn ilin birinci yarısında başa çata biləcək hazırlanma və şərh üzrə işlər başlayıb", - mənbə bildirib.
Bundan əvvəl ARDNŞ "Bahar Energy Limited" şirkəti ilə "Bahar" və "Qum dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, reabilitasiyası, işlənməsi və hasilatına dair PSA tipli müqavilə imzalayıb. Müqavilə Milli Məclisdə ratifikasiya olunub.
Müqavilənin ikinci hissəsi "Bahar-2" strukturunda kəşfiyyat işlərini nəzərdə tutur. Kəşfiyyat çərçivəsində üç il müddətində daha bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. İlkin hesablamalara görə, müqavilə çərçivəsində işlərin həyata keçirilməsi üçün "Bahar Energy Limited" bir milyard dollar həcmində investisiya qoyacaq.
"Bahar" yatağı 1969-cu ildən istismar olunur və Bakıdan 40 kilometr cənub-şərqdə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128 milyard kubmetrə yaxın qaz hasil edilib.