Gürcüstan, Tbilisi, 13 dekabr /Trend, müxbir N.Kirsxaliya/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Şimal-Cənub" magistral qaz kəmərinin (Rusiyadan Ermənistana) alınmasına maraq göstərib. Gürcüstan hökumətinin bu məsələ ilə bağlı mövqeyi hələ ki müəyyənləşməyib. Bu barədə ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
"ARDNŞ Gürcüstanda kifayət qədər böyük və uğurlu layihələr həyata keçirir. Magistral qaz kəməri ilə bağlı qərar hər iki dövlətin maraqlarına uyğun olaraq qəbul edilə bilər", - Kalandadze qeyd edib.
Magistral qaz kəmərinin Gürcüstandan keçən hissəsinin alınması ilə bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayev rəsmi bəyanat verib.
Onun sözlərinə görə, bu qaz kəməri Azərbaycanın maye qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsini sürətləndirmək üçün istifadə oluna bilər.