Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/
Gələn il ARDNŞ bu il emal edilmiş 6,18 milyon tonun əvəzinə 6,4 milyon ton neft emal etməyi planlaşdırır. Bu barədə şənbə günü ARDNŞ-nin emal üzrə vitse-prezidenti Davud Məmmədov deyib.
Keçən il emalın həcmi altı milyon tona yaxın olub.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda illik benzin sərfiyyatı orta hesabla 6,1 faiz artır. Bu, avtomobil nəqliyyatı vasitələrinin sayının artması ilə bağlıdır.
Hazırda ARDNŞ-nin neft emalı zavodlarında (NEZ) neft emalının dərinliyi 93 faizi ötür. "Azneftyağ" NEZ-də emalın dərinliyi 99 faiz, Heydər Əliyev adına Bakı NEZ-də 92,4 faizdən çox təşkil edir. İlin sonunadək Bakı NEZ-də emal dərinliyi üzrə göstərici 92,5 faizədək artırılacaq.
Zavodda emalın nisbətən az dərinliyi onunla əlaqədardır ki, müəssisədə əksər dövlət müəssisələri tərəfindən istifadə edilən mazut istehsal olunur.
Məmmədovun sözlərinə görə, gələn ildən etibarən ARDNŞ NEZ-lərində Avro-3 standartlı dizel yanacağının istehsalına başlamaq, 2012-ci ildən isə istehsal edilən benzinin keyfiyyətinin Avro-3 standartına çatdırılması planlaşdırılır.
Hazırda ARDNŞ-nin istehsal etdiyi yanacaq Avro-2 standartına tam uyğundur.