...

Türkiyə "Şahdəniz" qazına görə Azərbaycana 1 milyard dollara yaxın ödəyib - nazir

Energetika Materials 24 Dekabr 2010 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir A.Axundov/

Türkiyə Azərbaycana "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində aldığı qazın dəyər fərqinə görə 1 milyard dollara yaxın ödəyib. Bu barədə "Sabah" qəzetinə müsahibəsində Türkiyənin energetika naziri Taner Yıldız deyib.

Bundan əvvəl tərəflər "Şahdəniz"in işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində qazın qiyməti məsələsini, eləcə də Azərbaycan qazının Türkiyə ərazisi ilə tranzit şərtlərini razılaşdırıblar. Hazırda tərəflər əldə edilən razılaşmaları rəsmən möhkəmlədəcək sənədin hazırlanması üzərində iş aparırlar.

Tərəflər arasında razılaşma əldə olunmazdan əvvəl Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara tədarük edilirdi. Bununla belə, Türkiyənin daxili bazarında istehlak üçün neftin qiyməti 1000 kubmetrə 300 dollar təşkil edir (məlumatlar Türkiyənin BOTAŞ şirkətinin rəsmi saytındandır).

Türkiyə ilə bağlanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz"dən olan qazın qiymətinə tədarükə başlandıqdan bir il sonra yenidən baxıla bilər.

Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində bu yataqdan 6,6 milyard kubmetrədək qaz almalıdır (ehtiyatın ümumi həcmi 1,2 trilyon qiymətləndirilir).

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 %, Statoil - 25,5 %, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti