...

Azərbaycan dünya qaz bazarının yeni oyunçusudur

Energetika Materials 14 Yanvar 2011 18:09 (UTC +04:00)
Azərbaycan dünya neft bazarında çoxdan özünü aktiv oyunçu kimi tanıdıb. Buna ilk növbədə karbohidrogenlərin hasilatı və nəqli üzrə iri uğurlu layihələr xidmət edib.
Azərbaycan dünya qaz bazarının yeni oyunçusudur

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Trend -ın direktor müavini Seymur Əliyev

Azərbaycan dünya neft bazarında çoxdan özünü aktiv oyunçu kimi tanıdıb. Buna ilk növbədə karbohidrogenlərin hasilatı və nəqli üzrə iri uğurlu layihələr xidmət edib. Onların sırasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi və "Bakı-Tbilisi-Ceyhan" neft kəməri var.

Lakin son illər böyük qaz ehtiyatlarının açılışı və işlənməsi ilə dünya qaz bazarında Azərbaycanın oyunçu kimi əhəmiyyəti dəfələrlə artıb. Dünya bazarlarında qaza tələbatın artması şəraitində ölkənin bu rolu xeyli artır.

Mütəxəssislərin qiymətləndirilmələrinə görə, Azərbaycanın sübut edilmiş qaz ehtiyatları iki trilyon kubmetr təşkil edir. Potensial ehtiyatlar beş trilyon kubmetr qiymətləndirilir. Ən böyük qaz yatağı ehtiyatları 1,2 trilyon kubmetr olan "Şahdəniz" yatağıdır. Əhəmiyyətli qaz potensialını ötən ilin sonunda Xəzərin Azərbaycan sektorunda 250 milyard kubmetr ehtiyatla "Ümid" yatağının kəşfi də təsdiq edir. Gələcək illərə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şikəti) və xarici şirkətlər tərəfindən "Abşeron", "Naxçıvan", "Babək", "Şəfəq", "Asiman", Zəfər", "Məşəl" və s. strukturlarda kəşfiyyat işləri aparılacaq. Bu strukturlarda qaz ehtiyatlarının kəşfi perspektivləri kifayət qədər yüksəkdir.

Bu gün respublika regional qaz bazarında ciddi oyunçulardan biridir. Azərbaycan qazı Türkiyəyə və Rusiyaya tədarük edilir. Azərbaycandan tədarük hesabına Gürcüstanda qaz istehlakının böyük həcmi təmin olunur.

Bu həftə qaz sahəsində daha iki vacib hadisə ilə əlamətdar olub. Bu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin və İrana Azərbaycan qazının uzunmüddətli tədarükünə dair müqavilənin imzalanmasıdır.

Bu həftə qaz sahəsində əlamətdar hadisə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Kommisiyasının sədri Joze Manuel Barrozu tərəfindən imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" olub. Bu sənəd faktiki olaraq Avropaya Azərbaycan qazının ixracı üçün əsas olur ki, bu da Avropa İttifaqı bazarlarına enerjidaşıyıcıların tədarükünü diversifikasiya etməyə və enerji təhlükəsizliyini yüksəltməyə imkan verəcək.

Azərbaycandan İrana qazın beşillik tədarükünə dair müqavilə İranın neft naziri, OPEK neft kartelinin rəhbəri Seyid Məsud Mirkazıminin Bakıya səfəri çərçivəsində imzalanıb. Bu müqavilə sonrakı illərdə həcmi artırılmaqla, 2011-ci ildə bir milyard kubmetr qaz tədarükünü nəzərdə tutur.

Mövcud vəziyyətin göstərdiyi kimi, Azərbaycan qazı hamıya və hətta dünyada qaz ehtiyatlarına görə ilk üçlüyə daxil olan Rusiya və İran kimi ölkələrə də lazımdır.

"Cənub dəhlizi" layihəsinə "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) aiddir. Bütün bu marşrutlar əsas resurs bazalarından biri kimi Azərbaycanı hesab edirlər.

Bu marşrutlar üzrə Azərbaycan qazının tədarükünə "Şahdəniz" yatağının (layihənin ikinci mərhələsi) tammiqyaslı işlənilməsi çərçivəsində ilk qaz alınan zaman 2017-ci ildən başlanılması gözlənilir. Layihənin birinci mərhələsində 8,6-9 milyard kubmetr qaz hasilatı planlaşdırılır. İkinci mərhələ hasilatın 25 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur. Bunun 10 milyard kubmetri "Cənub qaz dəhlizi" marşrutları üzrə ixrac edilə bilər. "Şahdəniz-2"dən qazın alıcıları martın sonuna potensial alıcılarla danışıqlar başa çatandan sonra müəyyən edilməlidir.

Türkmənistandan qazın nəqli üçün Azərbaycanın tranzit ölkə kimi rolu az əhəmiyyət kəsb etmir. Bu gün Azərbaycan istiqaməti Avropaya türkmən qazının tədarükü üçün yeganə alternativdir. İki digər marşrut - Rusiya və İran vasitəsilə tədarük Avropa İttifaqı üçün alternativ ola bilməz.

Bu gün Avropa məhz Rusiyadan olan qaz tədarükünə alternativ axtarır. Bundan başqa, Türkmənistan öz qazını bu ölkə vasitəsilə tranzitlə tədarük edə bilmir, çünki Moskva Orta Asiyadan qaz ixracı üçün öz ərazisini və infrastrukturunu verməyərək, onu sərhəddə almağa üstünlük verir. Son illər Rusiya və Türkmənistanın qaz tədarükü məsələsində münasibətləri xeyli gərginləşib. 2010-cu ildə Rusiya türkmən qazının alınması həcmini ildə 40 milyard kubmetrdən 10 milyard kubmetrə qədər azaldaraq, bunu Avropa bazarında tələbatın azalması ilə izah edib. Cari ildə vəziyyət ötən ildəkinə analoji olacaq.

İran ərazisi vasitəsilə türkmən qazının nəqli də bu ölkə ilə bağlı siyasi problemlər həll olunana qədər mümkün deyil. Avropa İttifaqının bu məsələdə mövqeyi o qədər birmənalıdır ki, hətta dünyada qaz ehtiyatlarına görə ikinci yeri tutan İrana alternativ mənbələrə ehtiyac duyan Avropaya tədarük üçün mənbə kimi baxılmır.

Beləliklə, uğurlu geosiyasi vəziyyət Azərbaycanı Avropaya türkmən qazının nəqli üçün yeganə alternativ marşruta çevirir. Bu layihənin həyata keçirilməsi məqsədilə Türkmənistandan Azərbaycana qaz nəqli üçün infrastrukturun yaradılması lazımdır. Bu gün müxtəlif variantlara, o cümlədən maye qazın sonradan dekompressiyası və başqa marşrutlar üzrə göndərilməsinə baxılır.

Lakin Türkmənistandan Azərbaycan vasitəsilə qaz nəqli üzrə daha effektiv layihə Transxəzər boru kəməri marşrutu ola bilər. Bu layihənin həyata keçirilməsi üçün maneə kimi Xəzərin status məsələsinin nizamlanmaması deyilirdi. Lakin ötən ilin sonunda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bəyan etdiyi kimi, Transxəzər boru kəmərinin çəkilməsi üzrə məsələ ilə bağlı qərar yalnız bu layihədə iştirak edən ölkələr, yəni rəsmi Aşqabad və Bakı tərəfindən qəbul edilməlidir.

Müxtəlif istiqamətlər üzrə Azərbaycan qazının ixracı üzrə sənədlərin imzalanması təkcə Avropa və digər ölkələrin enerji təhlükəsizliyini deyil, eləcə də tədarük marşrutlarının diversifikasiyası sayəsində Azərbaycanın öz enerji təhlükəsizliyini də yüksəltməyə imkan verəcək. Bu proses bu gün respublikanın enerji siyasətinin əsaslarından biridir.

Xəbər lenti

Xəbər lenti