Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/
Fevralın sonuna qədər ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakı və Abşeron yarımadasının qazpaylayıcı sisteminin yenidən qurulması və müasirləşdirilməsi layihəsi çərçivəsində memorandum imzalayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında "Azəriqaz" İB-nin rəhbəri Əkbər Hacıyev deyib.
"RWE" və "E.ON" şirkətləri bu layihə çərçivəsində təkliflərlə çıxış ediblər. Hazırda onların nümayəndələri Bakıdadırlar. Bu şirkətlərdən biri ilə müştərək müəssisənin yaradılmasını nəzərdə tutan memorandum imzalanacaq. Hazırda memorandumun hazırlanması üzrə iş aparılır", - Hacıyev deyib.
Onun sözlərinə görə, yaradılan müştərək müəssisə plan hazırlanması, tikinti işləri və xarici investisiyaların cəlb olunması üzrə işlər həyata keçirəcək. Hacıyevin sözlərinə görə, bu layihənin gerçəkləşməsinə cəmi 800-900 milyon avro sərf oluna bilər.
Layihənin başa çatması 10 ilə nəzərdə tutulub.
Bakı və Abşeron yarımadasının qaz sistemi ölkədə ən böyük qaz sistemidir və 650 minə yaxın abunəçini əhatə edir. Onun yenidən qurulması və müasirləşdirilməsi üçün mövcud infrastrukturun 90 faizi yenilənməlidir.