...

Macarıstan Azərbaycan qazını "Nabukko" və AGRİ ilə gözləyir – səfir

Energetika Materials 3 Fevral 2011 14:43 (UTC +04:00)
Macarıstan enerjidaşıyıcıların ixrac mənbələrinin şaxələndirilməsində maraqlıdır və Azərbaycandan enerjidaşıyıcıları idxal etməyə hazırdır. Bu barədə cümə axşamı Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.
Macarıstan Azərbaycan qazını "Nabukko" və AGRİ ilə gözləyir – səfir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbirlər S.Ağayeva, A.Bədəlova/

Macarıstan enerjidaşıyıcıların ixrac mənbələrinin şaxələndirilməsində maraqlıdır və Azərbaycandan enerjidaşıyıcıları idxal etməyə hazırdır. Bu barədə cümə axşamı Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

"Hazırda Azərbaycandan çox az enerjidaşıyıcı idxal edirik. Lakin idxalı artırmağa hazırıq", - Çutora bildirib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycan qazını iki marşrut üzrə gözləyir: "Nabukko" qaz kəməri" və AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector).

Macarıstanın MOL şirkəti 16,67 faizlik iştirak payı ilə Xəzər və Yaxın Şərq regionundan Aİ ölkələrinə qazı nəql edəcək "Nabukko" qaz kəməri layihəsinin səhmdarıdır.

Dəyəri 7,9 milyard avro olan layihənin digər səhmdarları Avstriyanın OMV, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir.

Çutora 2011-ci ilin bu layihələr üçün mühüm il olacağına ümidini ifadə edib.

"Böyük qərarların qəbul ediləcəyi gözlənilir. Məsələn, "Şahdəniz" yatağının ikinci fazasının istismarı haqqında qərar, "Şahdəniz"dən qaz alıcıları ilə müqavilələrin bağlanması, "Nabukko" layihəsinin səhmdarlarının investisiya qərarları, TİƏ təhlilinin nəticələri əsasında AGRİ layihəsi üzrə qərarlar", - Çutora qeyd edib.

"Nabukko" layihəsi üçün əsas qaz mənbələrindən biri ehtiyatı 1,2 trilyon kubmetr qaz olan Azərbaycanın böyük qaz-kondensat yatağı "Şahdəniz" hesab edilir. Qaz kəmərinin çəkilişi 2012-ci ilə nəzərdə tutulub. İlk tədarüklərə 2015-ci ildə start veriləcəyi gözlənilir.

2011-ci ilin ortalarında "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar layihənin ikinci mərhələsindən qaz satışı üzrə müqavilə imzalamağı planlaşdırırlar.

2011-ci ildə "Nabukko" layihəsi üzrə dərhal tədarükçülərlə müqavilələr imzalandıqdan sonra baş tutacaq son investisiya qərarının qəbul edilməsi də gözlənilir.

AGRİ layihəsi Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Macarıstanda qaza olan tələbatın çox hissəsi idxal sayəsində təmin edilir. BP-nin məlumatına görə, 2009-cu ildə Macarıstanda qaza olan tələbat 10,1 milyard kubmetr təşkil edib. Bu, 2008-ci ildəki tələbatdan 14,3 faiz azdır. Hazırda ölkədə istehlak olunun qazın 80 faizi Rusiyadan idxal edilir.

Xəbər lenti

Xəbər lenti