...

Mozır NEZ-ə Azərbaycan nefti apreldə daxil olacaq

Energetika Materials 24 Mart 2011 15:04 (UTC +04:00)
Odessa-Brodı neft kəməri ilə nəql olunan Azəri Light markalı Azərbaycan nefti hazırda "Brodı" neftvurma stansiyasındadır (NVS) və "Mozır Neft Emalı Zavodu" ASC-yə apreldə daxil olacaq.
Mozır NEZ-ə Azərbaycan nefti apreldə daxil olacaq

Azərbaycan, Bakı, 24 mart /Trend/

Odessa-Brodı neft kəməri ilə nəql olunan Azəri Light markalı Azərbaycan nefti hazırda "Brodı" neftvurma stansiyasındadır (NVS) və "Mozır Neft Emalı Zavodu" ASC-yə apreldə daxil olacaq. Trend-in məlumatına görə, bu barədə BELTA agentliyi SC baş direktoru səlahiyyətlərinin icraçısı Sergey Sosnovskiyə istinadən məlumat verib.

Onun sözlərinə görə, dəqiq tarix "Belarus Neft Şirkəti" QSC, "Ukrtransnafta" ASC, "Qomeltransneft Drujba" ASC və "Mozır Neft Emalı Zavodu" ASC tərəfindən tədarükün cədvəlinin hazırlanması və razılaşdırılmasından sonra məlum olacaq.

"Neftin vurulması ştat rejimdə gedir. Hazırda Odessa-Brodı-Mozır neft nəqli marşrutundan Urals markalı texniki neftin sıxışdırılıb çıxarılması davam etdirilir", - Sergey Sosnovski qeyd edib. O, bildirib ki, fevral-mart aylarında Mozır NEZ-ə daxil olan artıq 450 min ton neft çıxarılıb. Zavodun xalis Azəri Light markalı Azərbaycan neftini alması üçün kəmərdən 600 min tona yaxın texniki karbohidrogen xammalı sıxışdırılıb çıxarılmalıdır.

Odessa-Brodı neft kəmərindən avers rejimdə və "Dostluq" neft kəmərinin Mozır-Brodı hissəsindən revers rejimdə istifadə etməklə Mozır NEZ-ə Azərbaycan neftinin göndərişinə 2011-ci il fevralın 13-də başlanıb.

Azərbaycandan neft tədarükünə dair müqavilə Belarus Neft Şirkəti və ARDNŞ arasında bağlanıb. Müqaviləyə əsasən, 2011-ci ildə 4 milyon tonadək neft tədarük ediləcək. Neft "Cənub" limanına, sonradan Odessa-Brodı və "Dostluq" boru kəməri nəqliyyatı ilə Mozır NEZ-ə çatdırılacaq. Odessa-Brodı neft kəmərindən istifadə etməklə karbohidrogen xammalının göndərilməsinə dair müqavilə "Belarus Neft Şirkəti" QSC və "Ukrtransnafta" ASC arasında bağlanıb.

Azərbaycan neftinin Belarusa tədarükü Venesueladan xammal tədarükü ilə eyni vaxtda həyata keçiriləcək.

Mozır Neft Emalı Zavodu 1975-ci ildə istismara verilib. 1994-cü ildə ASC-yə çevrilib. Nizamnamə fondunda Belarus Respublikasının payı 42,7 faiz, "Slavneft" NQŞ-nin payı - 42,6 faiz, digərləri - 14,7 faiz təşkil edir. Zavodun əsas fəaliyyət növləri bunlardır: neft emalı, neft məhsullarının istehsalı və satışı. İstehsalın ümumi həcmində sertifikatlaşdırılmış məhsulların payı təxminən 95 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti