...

Azərbaycandakı istehlakçılara və ölkə hüdudlarından kənara satılan qaz standartlara uyğundur

Energetika Materials 22 İyul 2011 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycandakı istehlakçılara satılan və onun hüdudlarından kənara ixrac olunan qaz QOST 5542-87 (sənaye və kommunal-məişət təyiantlı təbii yanacaq qazları) standartlarına tam uyğundur. Bu barədə cümə günü Trend-ə "mətbuat üçün açıq saat" çərçivəsində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyət şöbəsi rəhbərinin müavini Kamal Tarıverdiyev məlumat verib.

Onun sözlərinə görə, İB-nin sistemi ilə ötürülən qaz ARDNŞ-nin qaz emalı zavodundan daxil olur. Zavodda yataqdan alınan qaz emal olunur və standartın tələblərinə uyğunlaşdırılır.

"Yalnız bundan sonra zavoddan alınan qaz ölkə daxilindəki istehlakçılara, eləcə də onun sərhədlərindən kənara tədarük edilir. Yəni, daxili tələbat üçün və ixrac üçün qaz eyni mənbədən satılır", - Tarıvediyev qeyd edib.

ARDNŞ müqavilələr çərçivəsində Gürcüstana və Rusiyaya, eləcə də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına qaz tədarük edir.

"Azəriqaz"ın nümayəndəsinin qeyd etdiyi kimi, ölkə daxilindəki istehlakçılara verilən qazın keyfiyyətini şübhə altına almağa dəyməz, çünki o, sənaye və kommunal-məişət təyinatı üçün verilən qazın keyfiyyəti üzrə irəli sürülən tələblərə tamamilə uyğundur.

Xəbər lenti

Xəbər lenti