Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.İsmayılov/
Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin texniki operatoru olan Britaniyanın BP şirkəti yatağın tammiqyaslı işlənməsi çərçivəsində qiymətləndirmə quyusunun qazılmasını 2012-ci ilin ikinci rübündə başa çatdıracaq. Bu barədə BP-nin ilin birinci yarısının yekunları üzrə hesabatında deyilir.
"Bu quyuda qazma işlərinin 2012-ci ilin birinci rübündə başa çatacağı planlaşdırılır", - hesabatda qeyd edilir.
Bundan əvvəl neft-qaz bazarındakı mənbənin dediyinə görə, quyunun dərinliyi qazmanın nəticələrinə görə, 6300-6400 metr təşkil edəcək.
Bundan əvvəl BP SDX-07 quyusunu qazmağa başlamışdı, lakin texniki problemlər səbəbindən işlər dayandırılmışdı.
Mənbənin sözlərinə görə, quyunun ləğv edilməsi prosesi başa çatıb. Bu, ikinci SDX-07 quyusunu qazmağa başlamağa imkan verib.
İldə əlavə 16 milyard kubmetr qazın hasil edilməsi üçün "Şahdəniz-2" layihəsi çərçivəsində iki dəniz platforması quraşdırılacaq və 30 sualtı quyu qazılacaq.
Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.