Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/
ARDNŞ işə qəbul proseduru üçün dünya standartlarına cavab verən proqram təminatını hazırlayaraq sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü işə qəbul prosedurunun müzakirəsinə həsr edilən seminar-müşavirədə ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
Müşavirədə ARDNŞ-nin müxtəlif idarə və müəssisələrinin nümayəndələri də iştirak ediblər.
Məmmədov müşavirədə qeyd edib ki, işə qəbul zamanı subyektiv amillərin aradan qaldırılması məqsədilə ARDNŞ-də İnsan resursları departamenti yaradılıb. O da qeyd edilib ki, şirkətin internet saytında "Karyera" bölməsi də yaradılıb. Şirkətin İnsan resursları idarəsinin əsas prinsipləri dövlətçilik və vətənpərvərlik, qanunilik və prinsipiallıq, şəffaflıq və peşəkarlıq, obyektivlik və dəqiqlikdir.
Tədbir zamanda qeyd edildiyinə görə, şirkətə işə qəbul yalnız vakant yerlər olanda və vətəndaşlar tərəfindən müraciətlər ediləndə, yalnız onların bacarıqları yoxlanıldıqdan sonra aparılacaq. ARDNŞ-yə işə qəbul ilkin seçim, sınaq və müsahibəni nəzərdə tutur.
Müşavirə zamanı İnsan resursları departamentinin rəhbəri Asif Bəkirli forum iştirakçılarına ARDNŞ-nin idarə və müəssisələrində vakansiyaları və elektron müraciət formasını göstərib. Elektron müraciət forması şirkətə işə düzəlmək istəyən tərəfindən doldurulmalıdır.