Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Neft, qaz və neft məhsulları bazarı haqqında ən etibarlı məlumat yayan və dünyanın nüfuzlu jurnallarından olan "Platts"ın nümayəndəsi Con Roberts Qazaxıstanın Astana şəhərində keçirilən 6-cı "Kazenerji Evraziya" forumunda çıxış edərək, Xəzər regionunda enerjidaşıyıcıların istehsalı və nəqli perspektivlərindən danışıb.
Bütün iştirakçıların böyük marağına səbəb olan bu çıxışda Roberts Xəzər hövzəsi ölkələrinin qaz ehtiyatlarından danışarkən, Azərbaycan qazının yalnız "Şahdəniz" deyil, digər yataqlar hesabına da artırılacağını vurğulayıb. Qazın dünya bazarlarına çıxması üçün mümkün marşrutları nəzərdən keçirərək, Avropa İttifaqı tərəfindən əsas dəstəyin yalnız "Nabukko" layihəsinə verildiyini, digər layihələrə isə kifayət qədər dəstəyin olmadığını qeyd edib.
Türkmənistan qazının bu layihə üçün əhəmiyyətli olduğunu qeyd edən Roberts təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın proaktiv mövqeyindən fərqli olaraq, Türkmənistan passiv mövqedə durur. O deyib ki, Azərbaycan həm qaz ehtiyatlarının aşkarlanması və işlənməsi baxımından, həm də onların dünya bazarlarına çıxarılması yollarının aşkar edilməsi və bu marşrutların reallaşması yolunda kifayət qədər aktiv addımlar atırsa, Türkmənistan passiv mövqe tutaraq, marşrut variantlarının digərləri tərəfindən təklif edilməsini gözləyir, təklif edilən marşrutlara isə lazım olan dəstəyi göstərmir. Qazaxıstana gəlincə isə, Con Roberts onun bu sahədə aktiv və ya passiv olacağını sual altında qoyaraq, bunu zamanın göstərəcəyini qeyd etdi. Ümumiyyətlə, o, Azərbaycanın regionda ən sabit və ardıcıl neft və qaz siyasəti yürütdüyünü vuğulayaraq, dolayısı ilə onu regionun digər ölkələrinə örnək göstərib.
Azərbaycan və Qazaxıstanın həm də regionun ən etibarlı tranzit ölkələri olduqlarını onların bu sahədə son illərdəki fəaliyyətləri ilə sübut etdiklərini vurğulayıb.
Ümumiyyətlə, Roberts öz çıxışında Azərbaycanı regionun ən stabil və proaktiv ölkəsi kimi qeyd edib. O vurğulayıb ki, Türkmənistanın öz qazını Avropaya nəql etmək niyyətinin ciddi olduğunu sübut etməsi üçün daha fəal addımlar atılmasına ehtiyac var.