Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.İsmayılov/
"Bakıelektrikşəbəkə" ASC-nin 5 illik fəaliyyyəti dövründə müasir tipli 14 ədəd 110 kV-luq və 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar istismara verilib. Trend-in məlumatına görə, bu barədə ASC-nin rəhbəri Baba Rzayev hakim Yeni Azərbaycan Partiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu dövrdə 128 ədəd yeni transformator məntəqəsi inşa edilib və 400 ədəd transformator məntəqəsi əsaslı təmir olunub, 2000 km-ə yaxın elektrik veriliş xətləri, o cümlədən 100 km-dən cox 110 kV-luq kabel xətti və 400 km-ə qədər isə 35 kV-luq kabel xətti çəkilib.
"Hazırda 5 ədəd 110 kV-luq və 16 ədəd 35 kV-luq yarımstansiyalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir", - Rzayev deyib.
ASC rəhbərinin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artıb. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi 6% azaldılaraq bu göstərici 10%-ə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb.
"Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranıb və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 93 faizdən yuxarıdır", - o deyib.
Rzayev bildirib ki, yaxın günlərdə Bakıda elektrik avadanlıqlarının istehsalı üzrə dünyanın qabaqcıl istehsalçı şirkətlərinin ən son texnologiyaları ilə təchiz olunmuş tədris mərkəzinin açılışı gözlənilir.
Onun sözlərinə görə, hazırda Nəsimi rayonu ərazisində ən müasir uçot sistemi olan "sms smart" sayğaclarının quraşdırılması işləri uğurla həyata keçirilir. Bu sayğacların quraşdırıldığı 128 yaşayış binaları üzrə istehlak edilən elektrik enerjisinə 22.1% qənaət edilib, eyni zamanda, ödənişlərdə 54.9% artım müşahidə olunub.