Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/
Noyabrın 1-nə olan məlumatına görə, 2006-cı il iyunun 2-dən "Ceyhan" neft terminalından Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkətinə "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə 1,3 milyard bareldən çox neft yüklənib. Oktyabrın 3-nə olan məlumata görə isə bu göstərici təxminən 1,29 milyard barel təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BIL-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
BIL əvvəlcədən Türkiyənin BOTAŞ Dövlət Boru Kəməri Şirkəti tərəfindən xarici şirkətlərlə əlaqələrin qurulması üçün yaradılıb. 2001-ci ildə BIL BTC-nin istismarı məqsədilə yenidən qurulub.
Məlumatda deyildiyi kimi, bu dövrdə Ceyhan neft terminalında 1683 tankerin yükü boşaldılıb. Oktyabrın 3-nə olan məlumata görə, bu göstərici 1659 tanker təşkil edib.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.
"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).