...

ABŞ "Cənub qaz dəhlizi" üzrə istənilən boru kəməri layihəsini dəstəkləyəcək - Riçard Morninqstar

Energetika Materials 15 Noyabr 2011 18:47 (UTC +04:00)
ABŞ "Cənub qaz dəhlizi" çərçivəsində istənilən boru kəməri layihəsini dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda keçirilən mətbuat konfransında bildirib
ABŞ "Cənub qaz dəhlizi" üzrə istənilən boru kəməri layihəsini dəstəkləyəcək - Riçard Morninqstar

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Bədəlova/

ABŞ "Cənub qaz dəhlizi" çərçivəsində istənilən boru kəməri layihəsini dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda keçirilən mətbuat konfransında bildirib.

Morninqstar deyib ki, yeni qaz həcmləri əldə edilərkən genişlənə bilən kiçik boru kəmərlərindən başlamaq daha yaxşıdır.

"Çox vacibdir ki, "Şahdəniz" konsorsiumu gələcəkdə genişlənə biləcək kiçik boru kəmərini seçsin", - Morninqstar qeyd edib.

O bildirib ki, boru kəmərinin seçimi kommersiya baxımından mənfəətli olmalıdır.

"Nabukko" qaz kəmərindən danışan Morninqstar qeyd edib ki, ABŞ bu layihəyə siyasi dəstək verməkdə davam edir.

"Layihənin həyata keçirilməsi həm siyasi, həm də strateji baxımdan mənfəətli olacaq", - Morninqstar deyib.

Onun sözlərinə görə, əgər "Nabukko" tikilərsə və ABŞ şirkətləri onun tikinti prosesinə cəlb edilərsə, ehtimal yarana bilər ki, ABŞ-ın "Exim bank"ı onların işini maliyyələşdirsin.

İraq qazının "Cənub qaz dəhlizi" üzrə nəqlinə gəlincə, Morninqstar deyib ki, bu gün onun mümkün olacağını söyləmək çətindir.

"Lakin mən əminəm ki, gələcəkdə nə vaxtsa bu (İraq qazının nəqli) həyata keçiriləcək", - o deyib.

Oktyabrın sonlarında Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə Avropaya ildə 10 milyard kubmetr həcmində Azərbaycan qazının ixracını nəzərdə tutan tranzit sazişi daxildir.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

"Cənub dəhlizi"nin layihələrindən biri olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Boru kəmərinin tikintisi 2013-cü ilə nəzərdə tutulub. Kəmərlə ilk tədarüklər isə 2017-ci ildə gözlənilir.

Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə ediləcək qaz bu layihə üçün əsas qaz mənbəyi qismində nəzərdən keçirilir.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti