...

Azərbaycan və Yaponiya alternativ enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Energetika Materials 24 Noyabr 2011 19:23 (UTC +04:00)
Natıq Əliyev cümə axşamı Bakıda Yaponiyanın "Itochu" şirkətinin vitse-prezidenti Eyzo Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Yaponiya alternativ enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sənaye və energetika naziri Natıq Əliyev cümə axşamı Bakıda Yaponiyanın "Itochu" şirkətinin vitse-prezidenti Eyzo Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Kobayaşi, eyni zamanda, Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının həmsədridir. Bu barədə cümə axşamı Trend-ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Görüşdə tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, eləcə də əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Yaponiya nümayəndə heyətinə Azərbaycanın neft-qaz sektoru, xüsusilə, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və yataqdan bu qazın ixracat yolları üzrə məlumat verilib.

Görüş zamanı, həmçinin, tərəflər Azərbaycanda yeni "Ümid" və "Abşeron" yataqlarının açılmasını, eləcə də bu yataqlardan qazın mümkün ixracat marşrutlarını və digər infrastruktur layihələrini müzakirə ediblər.

Tərəflər qeyri-neft sektorunda əməkdaşlığa, xüsusən, Yaponiyanın böyük təcrübəyə malik olduğu alternativ enerji sahəsinə də böyük diqqət ayırıblar.

"Itochu" şirkəti "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsi layihəsinin iştirakçısıdır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti