Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda, Böyük Qala küçəsində baş verən partlayış nəticəsində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin (İB) bir işçisi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.
Mənbənin sözlərinə görə, İB-nin dörd işçisi binaya qazın verilişini dayandırmalı idi. Bina əvvəllər yaşayış fondundan qoruq zonasına keçirilib. Lakin işlərin aparılması zamanı qazın yığılması nəticəsində partlayış baş verib.
Xəsarət alan üç işçi ağır xəsarət almayıb və evə buraxılıblar.
"Dördüncü işçi yanıq xəsarətləri ilə orta ağır vəziyyətdə tibbi məntəqəyə yerləşdirilib", - mənbə qeyd edib.
Mənbə xəsarət alanların adlarını açıqlamayıb.