...

GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilib

Energetika Materials 13 Mart 2012 20:43 (UTC +04:00)
Martın 12-13-də Kiyevdə GUAM Katibliyində Azərbaycan tərəfinin sədrliyi ilə GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilib.
GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Martın 12-13-də Kiyevdə GUAM Katibliyində Azərbaycan tərəfinin sədrliyi ilə GUAM-ın enerji üzrə işçi qrupunun iclası keçirilib. İclasda GUAM və təşkilatın Katibliyinə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Katibliyin məlumatında deyilir.

Tərəflər GUAM-a üzv dövlətlərin ekspertləri üçün Yaponiya tərəfinin təşkil etdiyi (Yaponiya, 2012-ci il, 15-23 yanvar) enerji təhlükəsizliyi üzrə seminarın nəticələrini müzakirə edib və qeyd ediblər ki, seminar yüksək peşəkarlıq səviyyəsində təşkil edilmişdi və enerji təhlükəsizliyi sahəsində gündəlikdə dayanan məsələlərin bütün spektrini əhatə edirdi.

İclas iştirakçıları seminarda əldə edilən təcrübə nəzərə alınmaqla enerji sahəsində öz layihələrini təqdim ediblər.

Tərəflər enerji sahəsində yeni perspektiv layihələrin aşkar edilməsi məqsədilə enerji sektorunda GUAM ölkələrinin biznes dairələrinin nümayəndələrinin və qabaqcıl enerji şirkətlərinin cəlb edilməsi ilə "GUAM" və "GUAM+" formatlarında biznes forumun keçirilməsi imkanını nəzərdən keçiriblər.

Tərəflər işçi qrupunun növbəti iclasını GUAM ölkələrində enerjinin inkişafına görə məsul olan qurumların rəhbərləri səviyyəsində keçirmək haqqında razılığa gəliblər. İclasın tarixi və yeri diplomatik kanallar yolu ilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti