Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Bədəlova/
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi BP-nin Avrasiyada ən əhəmiyyətli layihələrindən biridir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "British Petroleum"un xarici işlər üzrə direktoru Qreq Sounders Vaşinqtonda Ceymstaun Fondu tərəfindən təşkil edilən beynəlxalq konfransda deyib.
Sounders Bakı-Tbilisi-Ərzurum ("Cənubi Qafqaz" boru kəməri) qaz kəməri layihəsini müasir dövrün ən qabaqcıl mühəndis layihəsi adlandırıb.
"Tarixdə ilk dəfə olaraq bu layihə Xəzər qazının Avropaya tədarükü üçün "cənub pəncərəsi" açacaq", - o qeyd edib.
Sounders, həmçinin əlavə edib ki, "Şahdəniz"in işlənməsi layihəsi, təbii qaza istehlakçı tələbatının dəfələrlə artacağının proqnozlaşdırılması şəraitində, Aİ və ABŞ-ın enerji təhlükəsizliyi və strateji maraqlarının möhkəmləndirilməsinə yardım edəcək.