Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.İsmayılov/
2017-ci ilin sonu - 2018-ci ilin birinci rübündə Azərbaycan qazının Avropa bazarlarına tədarükünə başlanacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bazar günü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycan qazının Avropa bazarlarına tədarükü layihəsi çox iri layihədir və böyük vaxt və vəsait tələb edir", - Abdullayev qeyd edib.
O cümlədən, "Şahdəniz" yatağının inkişafı üzrə konsorsium artıq 2013-cü ildə qaz-kondensat yatağının inkişafının ikinci mərhələsinin büdcəsini təsdiqləyib ki, bu da ikinci fazanın reallaşdırılmasına altı milyard dollarlıq yatırımlara başlamağa imkan verir.
"Vəsait zəruri infrastrukturun yaradılmasına, platformaların tikintisinə, qaz nəqliyyatı infrastrukturunun genişləndirilməsinə yönəldiləcək", - Abdullayev bildirib.
Ümumilikdə, "Şahdəniz"in ikinci fazasının reallaşdırılması 28-30 milyard dollar, zəruri infrastruktur yaratmaqla Azərbaycan qazının Avropa bazarlarına tədarükü layihəsi isə 40-50 milyard dollar həcmində qiymətləndirilir.
Bu layihə çərçivəsində "Trans-Anadolu" qaz kəməri layihəsinin tikintisi layihəsi 7-10 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edə bilər.