Azərbaycan, Bakı, 20 may /Trend/
Yuxarı Qarabağ iqtisadi rayonunda qazlaşdırma işləri davam etdirilir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsinə gələn 200 mm-lik yeraltı orta təzyiqli qaz kəmərindən Baharlı qəsəbəsi istiqamətinə gedən 250 mm-lik qaz kəmərinə qədər yeni orta təzyiqli qaz kəmərinin çəkilməsi və rayonun Bənövşələr qəsəbəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 14,1 kilometr olan boru xətləri quraşdırılıb.
Füzuli rayonunun Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4, Zobucuq-5, Qayıdış-10, Qayıdış-11 və Horadiz qəsəbələrinin, eləcə də Əhmədbəyli kəndinin qazlaşdırılması məqsədi ilə ümumilikdə 33,8 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.
Tərtər rayonunun Səhlabad, Poladlı, Düyərli və Əskipara kəndlərinin qazlaşdırılması işləri çərçivəsində isə 24,6 kilometr uzunluğunda boru xətləri quraşdırılıb.