...

"Bulla-dəniz" yatağında baş verən yanğının qarşısını almaq üçün yeni gəmi cəlb olunacaq

Energetika Materials 11 Sentyabr 2013 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend, müxbir M.Əliyev/

"Bulla-dəniz" yatağında baş verən yanğının qarşısı alınmaq üçün yeni gəmi cəlb olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadə deyib ki, yataqda baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər plan üzrə davam edir: "Yanğının qarşısının alınması işinə "Qurban Abbasov" gəmisi də cəlb olunacaq. Hazırda bu gəmi də tam hazır vəziyyətə gətirilir. Hazırda biz çox ciddi çalışırıq. Yəqin ki, ən yaxın günlərdə bu bağlanacaq. Yanğının qarşısının alınması üçün xarici mütəxəssislərdən də istifadə olunur, ABŞ-dan mütəxəssislər gəlib. Onların bu sahədə böyük təcrübəsi var və dünyanın bir çox dənizlərində çalışıblar. Hazırda onlarla bir yerdə çalışırıq və bu gündən işə başlanılır".

ARDNŞ-nin vitse-prezidenti "Bulla-dəniz" quyusunun ləğv olunmayacağını vurğulayıb.

Qeyd edək ki, avqustun 17-də gecə saat 23.00 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyyə olunaraq sahilə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti