Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Bakıda baş verən hadisə Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri, "Şahdəniz" konsorsiumu, ARDNŞ və layihədə iştirak edən Avropa enerji şirkətləri arasında çoxdankı əməkdaşlığın nəticəsidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İtaliyanın xarici işlər naziri Emma Bonino Bakıda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, TAP layihəsi Cənubi Enerji Dəhlizi üçün və Aralıq dənizi regionunda enerji mərkəzinə çevrilmək məqsədinə doğru vacib addımdır: "Milli enerji strategiyamızın əsas məqsədlərindən biri xüsusilə qaz sektorunda tədarüklərin təhlükəsizliyini yaxşılaşdırmaq və qaz idxalından asıllığı azaltmaqdır".
Xanım E.Bonino qeyd edib ki, növbəti bir neçə onillik ərzində İtaliyanın qaz istehlakının artması davam edəcək: "İtaliya üçün təkcə ənənəvi tərəfdaşlardan mütəmadi qaz idxalı deyil, həmçinin yeni istehsalçılardan qaz idxalı böyük əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, böyük enerji təhlükəsizliyi üçün İtaliya və Avropa öz mənbələrini və qaz tədarüklərinin tranzit marşrutlarını şaxələndirməlidirlər: "TAP layihəsi İtaliya və Avropa üçün bu məqsədə doğru yolu təmin edir. TAP təkcə Cənubi Avropa üçün böyük şans deyil, həmçinin Balkan regionu üçün vacib layihədir".
E.Bonino vurğulayıb ki, İtaliya 2014-cü ilin II yarısında Aİ-də sədrliyi dövründə Avropa strateji enerji infrastrukturun təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetirəcək: "Mən əminəm ki, bu layihə münasibətlərimizdə vacib mərhələdir. Enerji ikitərəfli tərəfdaşlığımızın önəmli mərhələsidir. Hökumətlərimiz TAP-ın həyata keçirilməsinin əlaqələndirilməsini və dəstəyini möhkəmləndirəcək. Azərbaycan İtaliyaya neft tədarükçüləri arasında ilk dördlüyə daxildir".
Bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.
"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları (alqı-satqı əməliyyatlarından sonra yeni pay bölgüsü) bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.
"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.
"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.