Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.İsmayılov/
2013-cü ilin yekun nəticələrinə əsasən, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından 30,623 milyon ton əvəzinə 32,717 milyon ton, yəni proqnozdan 2,1 milyon ton çox xam neft hasil edilib. Trend-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyilir.
Azərbaycanda hasil edilən neftin böyük hissəsi AÇG blokunun payına düşür. Blokun təsdiq edilmiş neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.
Qeyd edilən nəticələrə 2013-cü ildə blokda tərəfdaşlarla hasilatın həcminin sabitləşdirilməsi üzrə aparılan tədbirlər sayəsində nail olunub.
"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb.
AÇG-də iştirak payları: BP (operator - 35,78%), AzAÇG (11,65%), Chevron (11,27%), Inpex (10,96%), Statoyl (8,56%), Exxon (8%), TPAO (6,75%), Itochu (4,3%), ONGC (2,72%)
N.Əliyevin sözlərinə görə, 2013-cü ildə ölkədə proqnozlaşdırılan 41,1 milyon ton əvəzinə 43,2 milyon ton neft hasil edilib.
Məqalədə deyilir ki, qaz hasilatı isə proqnozdan (27,5 milyard kubmetr) 1,7 milyard kubmetr çox olmaqla 29, 2 milyard kubmetrə çatıb.