Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin 3 rübündə Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 24,2 milyon ton neft (179 milyon barel) hasil ediblər. 2013-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 24,5 milyon ton (181 milyon barel) təşkil edib.
Trend-in məlumatına görə, bu barədə cümə günü BP-nin 2014-cü ilin 3 rübü ərzində fəaliyyətinin yekunu üzrə hesabatında deyilir.
Hesabat dövründə AÇG blokunda orta sutkalıq neft hasilatı 655,7 min barel təşkil edib.
Hesabatda deyilir ki, cari ilin 3 rübündə yeni Qərbi Çıraq platformasında 5 quyudan orta sutkalıq neft hasilatı 90 min bareli ötüb.
Qərbi Çıraq platforması 2014-cü il yanvarın 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncə qazma quyuları işə düşdükcə artacaq.
2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil olunub. Bu rəqəm 2012-ci ildə 32,9 milyon ton təşkil edib.
Yanvar-sentyabr aylarında layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 720 milyon dollar, kapital xərcləri isə 1,741 milyard dollar olub.
Proqnozlara əsasən, 2014-cü ildə layihə çərçivəsində kapital xərclər təqribən 2,07 milyard dollar, əməliyyat xərcləri isə 1,05 milyard dollar təşkil edəcək.
"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokun neft ehtiyatı təqribən 1 milyard tondur. AÇG-də iştirak payları: BP (operator - 35,78%), Şevron (11,27%), İNPEKS (10,96%), AzAÇG (11,65 %), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).