Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Bu gün Xaçmaz rayonunun Alekseyevka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Mikayıl İsmayılov və Bədəl Bədəlov, Xaçmaz rayon İcra Hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məruzə edilib ki, 375 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2840 metr uzunluğunda poletilen və 17 795 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən R.Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş genişmiqyaslı tədbirlərdən danışıb: "Təbii qaz almayan yaşayış məntəqələrin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir".
SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb, bütün dünya müsəlmanları tərəfindən təntənə ilə qeyd olunan müqəddəs Qurban bayramı münasibətilə kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib.
Ağsaqqallar və ictimaiyyət nümayəndələri Alekseyevka kəndinə ilk dəfə olaraq təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.