...

Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə növbəti müqavilə imzalandı

Energetika Materials 11 Fevral 2016 15:09 (UTC +04:00)
Fevralın 11-də SOCAR və İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.
Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə növbəti müqavilə imzalandı

Bakı. Trend:

Fevralın 11-də SOCAR və İtaliyanın "KT-Kinetics Technology S.p.A" şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Maire Technimont Group"un vitse-prezidenti, eyni zamanda "KT-Kinetics Technology S.p.A" şirkətinin İdarə heyətinin sədri və prezidenti Cianni Bardatsi, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən R.Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidən qurulması hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7,5 mln tona artırılması, katalitik-krekinq qurğusunun gücünün 2 milyon tondan 2,5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda "Avro-5" standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsularının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan "KT-Kinetics Technology S.p.A" şirkəti lisenziar olaraq seçilib.

Daha sonra müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "KT-Kinetics Technology S.p.A" şirkətinin biznesin inkişafı üzrə meneceri Miçele Kolotsi imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədilə Avstriyanın "Poerner", Fransanın "Axens", İngiltərənin UOP şirkətləri ilə də müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti