...

BP: "Şahdəniz-2" layihəsi üzrə işlərin 95%-dən çoxu tamamlanıb

Energetika Materials 17 Avqust 2017 16:00 (UTC +04:00)
2017-ci ilin birinci yarısında "Şahdəniz Mərhələ 2" layihəsinin tikinti işləri uğurla davam edib.
BP: "Şahdəniz-2" layihəsi üzrə işlərin 95%-dən çoxu tamamlanıb

Bakı. Trend:

2017-ci ilin birinci yarısında "Şahdəniz Mərhələ 2" layihəsinin tikinti işləri uğurla davam edib.

Trend-in məlumatına görə, bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

Hazırda layihə üzrə işlərin - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95%-dən çoxu tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

İyun ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - "Şahdəniz Mərhələ 2" üçün tikilən platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırıldı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olinmuş rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak etdi. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. ATA tikinti-quraşdırma sahəsində "Şahdəniz-2" üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90% tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xankəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da "Şahdəniz-2" layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında "Şahdəniz-2"-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

Ümumilikdə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti